Ağcabədidə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu
Ağcabədi rayonunda 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.
Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin rəisi və media nümayəndələri iştirak etdilər.
İlk öncə Ağcabədi Rayon Prokurorluğunun kollektivi tərəfindən Qəhrəmanlar parkında vətən şəhidlərinin məzarları ziyarət olundu.
Sonra tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış abidəsini ziyarət edərək önünə tər çiçəklər düzdülər, onun xatirəsini ehtiramla yad etdilər.
Heydər Əliyev Mərkəzində də olan tədbir iştirakçıları burada Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş sərgi ilə tanış oldular. Mərkəzin direktor əvəzi Rövşanə Əliyeva, dahi liderin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlar haqqında qonaqlara ətraflı məlumat verdi.
Tədbirin növbəti hissəsi Ağcabədi Rayon Prokurorluğunda keçirildi.
Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə ünvanladığı məktubun məzmunu tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Rayon prokuroru Vüqar Hacıyev öz çıxışında ölkəmiz müstəqillik qazandıqdan sonra dövlətimizə və vətəndaşlarımıza qarşı yönəlmiş cinayətlərin qarşısının alınması istiqamətində prokurorluq orqanlarının gördüyü mühüm işlərdən, çətin və şərəfli fəaliyyətlərindən söz açdı.
Natiq çıxışında Azərbaycan prokurorluğunun keçdiyi inkişaf yoluna nəzər salaraq qeyd etdi ki, bu orqan 104 il ərzində – istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də sonrakı dövrlərdə daim dövlətçiliyin qorunmasına xidmət edib, qanunların və insan hüquqlarının pozulmasına qarşı barışmaz mövqedə olub.
O da qeyd olundu ki, ölkə başçısının imzaladığı Fərmana əsasən prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda mühüm işlər aparılıb.
Daha sonra çıxış edən tədbir iştirakçıları prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik etdilər, onlara fəaliyyətlərində uğurlar arzuladılar.
Sonda rayon prokurorluğunun bir qrup əməkdaşı Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edildi.