Ağcabədidə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr müzakirə olunub
20 oktyabr 2026 | 19:44
Ağcabədidə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Tədbirdə əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra tədbir Rayon Mədəniyyət Mərkəzində davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müşavirədə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında qarşıya qoyduğu vəzifələrin ölkənin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin sosial rifahının yüksəldilməsi, sahibkarlığın dəstəklənməsi və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Rayonda kənd təsərrüfatının, sahibkarlığın və aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, müasir texnologiyaların tətbiqi, istehsal imkanlarının genişləndirilməsi, investisiyaların cəlb olunması və yeni iş yerlərinin yaradılması istiqamətində məqsədyönlü işlər davam etdirilir.
Müşavirədə ideoloji təhlükəsizlik və milli-mənəvi dəyərlərin qorunması məsələlərinə də diqqət yetirilib. Müasir informasiya mühitində, xüsusilə sosial şəbəkələrdə mövcud olan çağırışların nəzərə alınmasının vacibliyi vurğulanıb. Gənclərin milli-mənəvi dəyərlərə, dövlətçilik prinsiplərinə və vətənpərvərlik ruhuna bağlılığının gücləndirilməsi, onların zərərli təsirlərdən qorunması istiqamətində ailə, məktəb və cəmiyyətin birgə fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Tədbirdə rayonun müxtəlif sahələrini təmsil edən şəxslər çıxış edərək qarşıda duran vəzifələrlə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda ölkənin sosial-iqtisadi inkişafının və milli-mənəvi dəyərlərin qorunmasının qarşılıqlı şəkildə təmin edilməsinin vacibliyi vurğulanıb.






