Ağcabədidə polislərin peşə bayramı qeyd olunub
104 yaşını qeyd edən Azərbaycan polisi şərəfli, çətin bir yol keçərək Vətənə ləyaqətlə xidmət edib. Asayişin qorunmasında Azərbaycan polisinin Vətən qarşısındakı xidməti həmişə yüksək dəyərləndirilib. İnsanların rahat, təhlükəsiz şəraitdə yaşamasını məhz polis orqanları təmin edirlər. Polisə olan hörmət, elə dövlətə olan hörmətdir.
2 İyul – Azərbaycan Polisinin peşə bayramı günü Ağcabədi rayonunda qeyd olunub. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi rayon polis şöbəsinin rəisi Knyaz Həsənov, rayon polis şöbəsinin polis əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi Qabil Rzayev və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Rayon polis şöbəsinin rəisi Knyaz Həsənov toplantıda iştirak edən şəxsi heyəti salamlayaraq, onları peşə bayramı münasibətilə təbrik edib. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun təbrik məktubunun məzmunu polis əməkdaşlarının diqqətinə çatdırılıb. Təbrik nitqi ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov əlamətdar gün münasibətilə polis işçilərini təbrik edib, onlara bundan sonrakı iş fəaliyyətlərində də uğurlar arzu edib. Tədbirdə bir qrup polis əməkdaşı Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olunub, xidməti işlərində fərqlənən polis işçilərinə yeni hərbi rütbələr və qiymətli hədiyyələr təqdim olunub. Həmçinin tədbirdə iştirak edən, təqaüddə olan sabiq polis veteranlarına da hədiyyələr verilib.
Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, onun əziz xatirəsini yad edən toplantı iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzin əməkdaşı Səbinə Mamedova ziyarətə gələnləri Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən lövhələrlə ətraflı tanış edib.