Ağcabədidə Polis işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.
İyulun 2-də “02 İyul – Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü və peşə bayramı” münasibətilə Ağcabədidə tədbir keçirilib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov, Ağcabədi Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Knyaz Həsənov, YAP Ağcabədi rayon təşkilatının və hüquq-mühafizə orqanlarının rəhbərləri, “N” saylı hərbi hissənin komandirləri, polis şöbəsinin şəxsi heyəti və vaxtilə polis sıralarında xidmət etmiş polis veteranları iştirak ediblər.
Ağcabədi Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Knyaz Həsənov şəxsi heyəti salamlayıb. Daha sonra Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbrik məktubu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Polis əməkdaşlarının ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov, Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Vüqar Hacıyev və Ağcabədi Rayon Məhkəməsinin hakimi Etibar Quliyev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, onların ölkədə ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında göstərdikləri xidmətləri yüksək qiymətləndirib, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıblar.
Əlamətdar gün münasibətilə xidmətdə fərqlənən bir qrup polis əməkdaşı, eləcə də polis veteranları Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının və Ağcabədi Rayon Polis Şöbəsinin fəxri fərmanları və hədiyyələri ilə təltif olunublar.
Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.






