Ağcabədidə Peşə və Sahə Assosiasiyalarının yaradılmasının dəstəklənməsi ilə bağlı iclas keçirilib
Noyabrın 23 – də Ağcabədi Rayon İcra Hakimiyyətində iclas keçirilib. Gündəlikdə duran məsələ Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi olub.
İclasda Ağcabədi Rayon İcra hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin rayon xidmət şöbəsinin, dövlət idarələri və ictimai xidmət təşkilatlarının həmkarlar ittifaqının rayon komitəsinin, şəhər bələdiyyəsinin, icra hakimiyyəti yanında İctimai Şuranın, DAİM-in, rayon baytarlıq idarəsinin nümayəndələri iştirak edib.
RİH başçısının müavini Xətai Zeynalov çıxış edərək sahibkarların maraqlarının müdafiəsindən söz açıb, məşğulluğun artırılması, qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi və digər bu kimi işlərin həyata keçirilməsi baxımından peşə və sahə assosiasiyaların yaradılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, maarifləndirmə işlərində ictimai şuranın, medianın da rolundan danışıb, birgə fəaliyyət göstərməyin vacibliyini qeyd edib.
Daha sonra tədbir iştirakçılarının fikirləri öyrənilib. RİH yanında İctimai Şuranın sədri Vaqif Qarayev, Qarabağ Regional Məşğulluq filialının Ağcabədi rayon Xidmət Şöbəsinin müdiri Toğrul Bünyadov, Ağcabədi DAİM-in direktoru Abbas Süleymanov, Dövlət İşçiləri və İctimai Xidmət İşçiləri Həmkarlar Komitəsinin sədri Mehdi Əhmədov və digər çıxış edənlər rayonda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edib, bununla bağlı müəyyən təkliflərini də bildiriblər.