Ağcabədidə pambıqla bağlı yığıncaq keçirilib
Martın 9-da Ağcabədidə “MKT-İK” MMC tərəfindən “Fermerlərlə görüş: Keçən ilin yekun qiymətləndirilməsi və yeni mövsümə hazırlıq” mövzusunda yığıncaq keçirilib.
Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, “MKT-İK” MMC-nin məsul əməkdaşları, 15 rayondan 200-ə qədər fermer, aidiyyatı idarə və təşkilatların nümayəndələri iştirak edib.
Tədbiri çıxış nitqi ilə açan icra başçısı qonaqları və iştirakçıları salamlayıb, qarşıdan gələn Novruz bayramı münasibəti ilə onları təbrik edib. O, pambıqçılığın inkişafı istiqamətində rayonda görülən işlər haqqında məlumat verib.
Sonra çıxış edən “GP-Cotton Holdings”in icraçı direktoru, “MKT-İK” MMC-nin müşahidə şurasının sədri Eldar Cəfərov şirkət tərəfindən pambıqçılıqla bağlı həyata keçirilən tədbirlər və qarşıda duran hədəflərdən söz açıb. Bildirilib ki, “GP-Cotton Holdings”-ə 3 şirkət daxildir: “MKT-İK”, “MTP”, “GİLTEX”.
Hər üç şirkət haqqında ətraflı məlumat verən E. Cəfərov təkcə “MKT-İK” MMC-nin 11 emal zavodu, 300-dən çox aqronom və nümayəndəsi olduğunu, 10 minədək fermerlə çalışdığını vurğulayıb. O da qeyd olunub ki, şirkətin fəaliyyət göstərdiyi rayonlarda son illərdə orta hesabla 45 min hektarda pambıq yetişdirilir. Adıçəkilən şirkətin məhsuldarlıq səviyyəsi 70 ölkə arasında 7-ci yerdə qərarlaşır. Natiq eyni zamanda pambıqçılıq sahəsində istifadə olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlərin həyata keçirildiyini, pambığın becərilməsində intensiv texnologiyalardan istifadə etməklə məhsuldarlığı artırmağın vacibliyini bildirib.
Sonra Biznesin İnkişafı Depertamentinin rəhbəri Hikmət Hüseynov çıxış edərək fermerlər arasında sorğuların keçirilməsi, xidmət və malların qiyməti barədə, eləcə də digər mövzular haqqında ətarflı məlumat verib. H. Hüseynov həmçinin aqro-texniki tədbirlərin təkmilləşdirilməsindən, yeniliklərin tətbiqindən danışıb.
Daha sonra çıxış edənlər fermerlərə labarator xidmətinin göstərilməsi, lifi yüksək keyfiyyətli olan “Barbadenza” pambıq növünün sınaq əkininə başlanılmasından, şoran torpaqlarda məhsuldarlığın artırılması və bu kimi digər mövzulardan söhbət açıblar.
Daha sonra fermerləri maraqlandıran suallar cavablandırılıb və onların təklifləri dinlənilib.
Yekunda qabaqcıl təsərrüfatçılar şirkət tərəfindən mükafatlandırılıb.