Ağcabədidə pambıq yığımının gedişi ilə bağlı sahələrə baxış keçirilib
22 sentyabr 2026 | 18:46
Sentyabrın 22-də Ağcabədi rayonunda 2026-cı təsərrüfat ilində pambıq yığımının başlanması ilə əlaqədar sahələrə baxış keçirilib.
Sahələrə baxış zamanı Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov, Ağcabədi Rayon İcra Hakimiyyətinin və aidiyyəti qurumların nümayəndələri, “Azərpambıq ASK” MMC-nin Ağcabədi filialının direktor əvəzi Ərşad Ağayev və digər şəxslər iştirak ediblər.
İştirakçılar Ağcabədi şəhəri ərazisində “Azərpambıq ASK” MMC ilə müqavilə əsasında fəaliyyət göstərən fermer Famil Quliyevin pambıq sahəsində olublar. Burada pambıq bitkisində defolyasiya məqsədilə aparılan dərmanlama tədbirləri ilə tanış olunub, həmçinin digər sahədə pambığın maşınla yığımının gedişi izlənilib.
Fermer təsərrüfatında görülən işlər, məhsuldarlığın artırılması, pambıq yığımının vaxtında və itkisiz həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, mövcud vəziyyət müzakirə olunub və müvafiq tövsiyələr verilib.
Qeyd olunub ki, pambıqçılığın inkişafı, məhsuldarlığın yüksəldilməsi və fermerlərin fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər aqrar sahənin inkişafına mühüm töhfə verir.






