Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə pambıq yığımına hazırlıqla bağlı iclas keçirilib

30 avqust 2023 | 12:08

Avqustun 30-da pambıq yığımına hazırlığın vəziyyəti barədə Ağcabədi Rayon İcra  Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.

Rayon İcra Hakimiyyətinin binasında təşkil olunan iclasda icra başçısı Rafil Hüseynov, Şura üzvləri, RİHB-nin məsul əməkdaşları, aidiyyətı idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən pambıq istehsalı və emal zavodlarının, rayonda fəaliyyət göstərən pambıq qəbulu məntəqələrinin direktorları, RİHB-nin şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, aqronomlar, eləcə də fermerlər iştirak ediblər.

İclasda çıxış edən rayon rəhbəri Rafil Hüseynov kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı istiqamətində dövlətimiz tərəfindən böyük dəstək tədbirlərinin həyata keçirilməsindən, cari mövsümdə rayonda  barama və taxılçılıq üzrə yüksək məhsul əldə edilməsindən söz açıb. R. Hüseynov 2022-ci ildə respublika üzrə rayonun təhvil verdiyi pambıq məhsuluna (40 min 361 ton)  görə birinci yerdə olduğunu qeyd edib.

Bildirilib ki, hazırda pambıq sahələrində yığıma son hazırlıq işləri həyata keçirilir. Bu mövsümdə dolunun törətdiyi  fəsadlarla üzləşən sahələr olsa da, vəziyyət ürəkaçandır. Qeyd olunub ki,  sahələrdə suvarma, gübrələmə, kultivasiya və eləcə də, digər aqrotexniki tədbirlər vaxtında aparılıb.

Həmçinin, subsidya ödənişləri, məhsul yığımında itkilərə yol verilməməsi üçün müəyyən təkliflər də iştirakçıların diqqətinə çatdırılıb.

İcra başçısı hər bir fermerə uğurlar arzulayıb.

Sonra hesabat məruzəsi ilə çıxış edən Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov 2022-ci ildə 1681 nəfər istehsalçı ilə 11 min 838 ha sahədə, bu il isə 3 zavod və 3 məntəqə ilə 11 min 492. 7 ha sahədə pambıq əkini üçün müqavilə bağlandığını qeyd edib.

Mərkəzin direktoru 2022-ci ildə 316 nəfər fermerin 40-50 sentner, 171 nəfər fermerin isə 50 sentnerdən daha çox məhsul əldə etdiyini,  həmin il rayon pambıqçılarına 6 milyon 738 min 719 manat məbləğində məhsul subsidiyasının hesablandığını bildirib.  

O, artıq pambıq sahələrində yığıma hazırlığın son mərhələsi olduğunu, qaydalara əməl edilməsinin vacibliyi, məhsulun vaxtında və itkisiz yığılması üçün texnikaların saz vəziyyətə gətirilməsi, lazımi sayda işçi qüvvələrinin cəlb olunması, yanğın təhlükəsizliyinə əməl edilməsi kimi məsələlərə də toxunub.

Daha sonra “MKT-İK” MMC-nin Ağcabədi filialının direktor müavini Altay Məmmədov, “Azərpambıq” ASK MMC-nin Ağcabədi Pambıq İstehsalı Emalı zavodunun direktoru Kazım Gülmalıyev, “P-Agro” MMC-nin Ağcabədi filialının direktoru Süleyman Süleymanov və “Aztəsərrüfat” MMC-nin icraçı direktoru Vaqif Qarayev çıxış edərək, məhsulun yüksək keyfiyyətlə təhvil verilməsi üçün lazımi tədbirlərin həyata keçirildiyini, yığımda və daşınmada istifadə ediləcək olan texnikaların hazır vəziyyətə gətirildiyini, texnikaların işində maneə törətməsinin qarşını almaq üçün sahə kənarlarının hamarlandığını bilidiriblər.

Çıxışçılar bu il də yüksək məhsul təhvil verilməsi üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəklərini bildiriblər.

Keçidlər