Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə pambıq yığımına 55 kombayn cəlb olunacaq

02 sentyabr 2025 | 17:06

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımına hazırlıq görülür.

Bu il rayonda 4047.9 hektarı “Prime cotton” MMC-nin Ağcabədi filialı, 3212.19 hektarı “Azərpambıq” MMC-nin Ağcabədi filialı,  2500 hektarı “P-Aqro” MMC, 889,01 hektarı “Hüseyn Pambıq İK” MMC, 130 hektarı “Azərşəkər” MMC və 1042,6 hektar “Cotton Trade” MMC ilə müqavilə əsasında olmaqla, ümumilikdə 11 min 821,7 hektar sahədə pambıq becərilib.

Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir. Artıq kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Pambıq yığımına 55 kombayn, 316 lafet, 189 traktor, 49 çiləyici və 10 yükləyici cəlb ediləcək.

Bundan başqa, məhsul yığımına qədər çatışmayan əlavə texnikaların gətirilməsi nəzərdə tutulub.

Ağcabədi DAİM tərəfindən tədarükçü şirkətlərə pambıq yığımı zamanı pambıqyığan maşınların səmərəli işləməsi üçün dislokasiya qrafikinin tərtib edilməsi, yığılmış pambıq lafetlərdə daşınarkən yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, pambığın yetişməsi nəzərə alınmaqla defolyasiyaya başlanılması ilə bağlı müraciət ünvanlanıb. Sentyabrın ortalarında pambıq tarlalarında defolyasiya işləri həyata keçiriləcək. Məhsul yığımına isə sentyabrın sonlarında başlanılacaq. Pambıq sahələrində aparılmış müşahidələrin nəticəsi göstərir ki, tarlalarda məhsuldarlıq ötən ilə nisbətən daha yüksək olacaq.

Qeyd edək ki, 2024-cü ildə Ağcabədi rayonunda 13 min 112 hektar sahədə pambıq əkilib, 37 min 376.49 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 28,5 sentner olub.

Keçidlər