Ağcabədidə pambıq və barama ilə bağlı yığıncaq keçirilib
Respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, məhz bu sahələrin hesabına əhalinin məşğulluğunun təmin olunması barədə dövlət başçısının göstəriş və tapşırıqları Ağcabədi rayonunda uğurla həyata keçirilir. Xüsusilə pambıqçılıq və baramaçılığın inkişafına böyük diqqət yetirilir, məhsul bolluğu yaradılması istiqamətində lazımi tədbirlər görülür.
Bu sahələrin hazırkı vəziyyəti, eləcə də qarşıda duran məsələlərlə bağlı mayın 15-də Ağcabədi Rayon İcra Hakimiyyətinin akt zalında yığıncaq keçirilib. Yığıncaqda aidiyyəti təşkilatlar, icra nümayəndələri, bələdiyyə sədrləri və kənd təsərrüfatı üzrə mütəxəssislər iştirak edib.
Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ixrac tutumlu sahələrdən olan pambıqçılığın və baramaçılığın rayonumuzda ilbəil daha da inkişaf etdirildiyini diqqətə çatdırıb, onların həm gəlirli sahə olduğunu, həm də yeni iş yerlərinin yaranmasına imkan yaratdığını bildirib. Hər iki sahədə mövcud çətinliklərdən də söz açan rayon rəhbəri bunun həlli ilə bağlı lazımi tapşırıq və tövsiyələrini verib.
Sonra Ağcabədi DAİM-in direktoru Abbas Süleymanov, “AZ SİLK” MMC-nin direktoru Fazil Hümbətov və digərləri çıxış ediblər. Çıxışlar zamanı qeyd olunub ki, 2023-cü təsərrüfat ilində Ağcabədi rayonunda 41 ərazi üzrə 278 nəfər kümçü tərəfindən “AZ SİLK” MMC ilə müqavilə bağlanılmış və 700 qutu tut ipəkqurdunun onlara paylanılması təmin olunmuşdur.Hazırda ipəkqurdları axırıncı yaşdadır və yaxın günlərdə təhvilinə başlanılacaqdır.
Barama ilə yanaşı, pambığın da vəziyyəti ilə bağlı müzakirələr aparılıb, qeyd olunub ki, son günlər uzunmüddətli yağan yağışlar sahələrdə alaq otlarının, o cümlədən pambıqda trips və mənənin də inkişafını sürətləndirmişdir.Odur ki, sahələrə nəzarəti gücləndirməklə həm zərərvericilərə, həm də alaq otlarına qarşı mübarizə tədbirləri gücləndirilməlidir.
Yığncaqda həmçinin qarşıdan gələn taxıl biçininə hazırlıqla bağlı da fikir mübadiləsi aparılıb.