Ağcabədidə pambıq tarlalarından 10666 ton məhsul yığılıb
Respublikanın bir çox təsərüffat rayonlarında olduğu kimi Ağcabədidə də pambıq yığımının ən qızğın vaxtıdır. Qeyd edək ki, rayonda pambıq yığımı 21 Sentyabr tarixindən başlanılıb. Bu günə kimi 10.666 ton pambıq yığılaraq pambıq tədürükü məntəqələrinə təhvil verilib.
14 Oktyabr tarixində Ağcabədi şəhər inzibati ərazi dairəsində yerləşən, təcrübəli fermer İbrahim Ağamirovun da sahəsində pambıq yığımına başlanılıb. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, MKT İstehsalat Kommersiyası Ağcabədi filialının direktoru Şahin Məhərrəmov, Azərpambıq Aqrar Sənaye Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağcabədi Pambıq İstehsalı və Emalı zavodunun direktoru Kazım Gülmalıyev, “P – Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağcabədi filialının direktoru Süleyman Süleymanov, bir qrup fermerlər və mütəxəssislər yığım prosesini yaxından izləyiblər.
Fermer İbrahim Ağamirov 10 hektar sahəyə əkdiyi “Lazer” pambıq sortundan ən azı 52-55 sentner məhsul götürəcəyini söyləyir. Sahədə defolyasiya işləri uğurla aparıldığından hazırda tarlada bol məhsul var. Ümumi sahələrdə 19 kombaynın yığım proseslərinə cəlb edilməsi isə yığım işlərinin olduqca sürətli getməsindən və daha çox məhsulun toplanacağından xəbər verir.