Ağcabədidə Novruz şənliyi keçirildi.
17 mart 2025 | 18:48
Ağcabədi şəhər Heydər Əliyev meydanında Novruz bayramına həsr olunmuş böyük bayram şənliyi təşkil olunub. Ümumrayon tədbirində RİH başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, idarə, təşkilat və müəssisələrin kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Öncə bayram münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgiyə baxış keçirilib. Ağcabədidə yaşamış qədim tayfaların, onların adını yaşadan kəndlərdə qorunub saxlanmış adətlərin təqdimatı, ümumilikdə xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən görüntülər, səslənən folklor nümunələri keçmişimizin mənzərəsini canlandırıb.
Bahar qızla birgə faytonla meydana daxil olan Dədə Qorqud təbrik iştirakçılarını bayram münasibətilə təbrik edib. Sonra tonqal məşəli rayon rəhbərinə təqdim edilib və bayram tonqalı alovlandırılıb.
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tədbir iştirakçılarını təbrik edib, onlara can sağlığı, ruzi-bərəkət, firavan həyat arzulayıb. Ümumrayon tədbirində gənc idmançıların nümunəvi çıxışları böyük maraqla qarşılanıb.
Tədbir boyu Novruz bayramının əsas personajları olan Kosa və Keçəlin məzhəkələri tədbirdə xoş ovqat yaradıb.
Bayram tədbiri Qarabağ Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanan şən və rəngarəng konsert proqramı ilə davam etdirilib.