Ağcabədidə Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub
Baharın gəlişi və xalqımızın ən əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə martın 14-də Ağcabədi şəhərində ənənəvi kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən yarmarka yerli istehsalçıların dəstəklənməsi və əhalinin bayram bazarlığının daha səmərəli şəkildə həyata keçirilməsinə şərait yaratmaq məqsədi daşıyıb.
Yarmarkada rayonun müxtəlif kənd inzibati ərazi dairələrindən gələn fermerlər və fərdi təsərrüfat sahibləri öz məhsullarını birbaşa istehlakçılara təqdim ediblər. Satışa çıxarılan məhsullar arasında Novruz süfrələrinin əsas atributlarından olan çərəzlər, təzə ət və balıq məhsulları, təbii bal, eləcə də müxtəlif bağ-bostan məhsulları üstünlük təşkil edib. Bununla yanaşı, yaz mövsümünün başlanması ilə əlaqədar olaraq müxtəlif ting və meyvə ağaclarının satışı da təşkil olunub ki, bu da bağbanların xüsusi marağına səbəb olub.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmi şəxslər yarmarkaya baş çəkərək satış prosesi ilə yaxından tanış olublar. Rayon rəhbərliyi məhsulların keyfiyyəti, eləcə də qiymətlərin bazar qiymətləri ilə müqayisədə daha münasib olması ilə maraqlanıb, həm satıcılarla, həm də sakinlərlə söhbət aparıblar.
Bayram alış-verişini rahat şəkildə həyata keçirən sakinlər isə süni qiymət artımının qarşısının alınması və yaradılmış şəraitə görə təşkilatçılara və yarmarkada iştirak edən sahibkarlara minnətdarlıqlarını bildiriblər.






