Ağcabədidə Novruz bayramı böyük təntənə ilə qeyd olunub.
21 mart 2024 | 15:36
Ağcabədi şəhər Heydər Əliyev meydanında Novruz bayramına həsr olunmuş böyük bayram şənliyi təşkil olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil edilən tədbirdə RİH başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, idarə, təşkilat və müəssisələrin kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Öncə bayram münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgiyə baxış keçirilib. Xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən görüntülər, səslənən xeyir-dualar keçmişimizin mənzərəsini canlandıraraq tədbirə xüsusi rəng qatıb.
Faytonla bayram ab-havasında bəzədilmiş meydana daxil olan Dədə Qorqud və Bahar qızın təbriklərindən sonra tonqal məşəli rayon rəhbərinə təqdim edilib və bayram tonqalı alovlandırılıb.
Çıxış edən icra başçısı Rafil Hüseynov tədbir iştirakçılarını təbrik edib, onlara can sağlığı, ruzi-bərəkət, firavan həyat arzulayıb. Daha sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmiş Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının veteranı Əli Əliyevə və Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialının (ADPU-Ağcabədi filialı) direktor müavini Mahir Səlimova RİH başçısı tərəfindən həmin medallar təqdim edilib. Həmçinin, sözügedən medalla təltif edilmiş icra başçısı Rafil Hüseynov da ölkə başçısına dərin minnətdarlığını ifadə edib.
Ümumrayon tədbirində gənc idmançıların nümunəvi çıxışları böyük maraqla qarşılanıb.
Bayram tədbiri Qarabağ Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanan şən və rəngarəng konsert proqramı ilə davam etdirilib.