Ağcabədidə narkomaniyaya qarşı növbəti maarifləndirici tədbir
Avqustun 24-də YAP Ağcabədi rayon təşkilatının konfrans zalında “Regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə maarifləndirmə kampaniyalarının keçirilməsi” layihəsi çərçivəsində iştirakçılarla növbəti görüş təşkil olunub. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin və rayon polis şöbəsinin məsul işçiləri, təhsil, səhiyyə və digər qurumların nümayəndələri, yerli media mənsubları iştirak ediblər.
“Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşov toplantı iştirakçılarını salamlayıb, sonra layihənin keçirilməsinin mahiyyəti və məqsədi haqqında geniş məlumat verib. O, söhbətinə onu da əlavə edib ki, bugün təkcə ölkəmizi deyil, bütün dünyanı cənginə alan, qlobal problemlərdən biri sayılan narkomaniyaya qarşı cəmiyyətin aparıcı üzvləri mübarizə aparmalı, təşkil olunan kampaniyalarda fəallıq nümayiş etdirməlidir.
Sonra Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səbuhi Mövsumov söz alaraq, təbliğat rolunu oynayan belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən, o cümlədən narkotacirlərin bu gün ölkədə əsas hədəflərinin gənclər olduğunu bildirib. Buna görə də valideynləri diqqətli olmağa çağırıb.
Növbəti çıxışçılardan Ağcabədi Polis Şöbəsinin əməkdaşı Vüsal Səlimov bildirib ki, II Vətən müharibəsində tarix yazan şücaətli oğullarımızın qəhrəmanlığı, sağlam və əqidəli gənclərin yetişməsini həzm edə bilməyən bəzi qonşu ölkələr narkotik vasitələrin cəmiyyətimizdə daha da çox yayılmasının marağındadırlar. V.Səlimov söyləyib ki, bununla yanaşı respublikanın bütün bölgələrində olduğu kimi rayonumuzda da narkotik vasitələrin alqı və satqısına qarşı rayon polis şöbəsinin əməkdaşları tərəfindən mübarizə tədbirləri həyata keçirilir. Rayon icra hakimiyyətinin məsul işçisi Ülkər Kərimova, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə təhsil sektorunun metodisti Rəna Abdullayeva da elmi əsaslarla çıxış edərək, narkotik maddələrin insanların sağlamlığına, psixologiyasına nə dərəcədə ziyan vurmasından geniş söz açıblar. Daha sonra görüş auditoriya iştirakçıları ilə açıq müzakirə formasında davam edib.
Bildirək ki, 3 ay müddətində nəzərdə tutulan adıçəkilən layihə Ağdam, Tərtər, Bərdə, Goranboy və Ağcabədi rayonlarında baş tutacaq.