Ağcabədidə mülki müdafiəyə həsr olunmuş tədbir keçirilib
Dekabrın 5-də Ağcabədidə Fövqəladə Hallar Nazirliyinin Qarbağ Regional Mərkəzi tərəfindən 2023-cü il üçün Mülki müdafiə tədbirləri – ilin yekunu 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib.
Ağcabədi Bayraq Muzeyində təşkil edilən tədbirdə təşkilatçı qurumun, rayon icra hakimiyyətinin məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Çıxış edən Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Mülki müdafiəyə Hazırlıq şöbəsinin rəisi, kapitan Həsən Nəsirov mülki müdafiənin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydası”ndan, mülki müdafiə planından söz açıb. Bildirilib ki, bu planlar bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, mülkiyyət formasından asılı olmayaraq təsərrüfat obyektlərində tərtib edilir, hər il əsas göstəriciləri dəqiqləşdirilməklə, 5 il müddətinə qüvvədə qalır.
Sonra Mülki müdafiə tədbirlərinin planlaşdırma şöbəsinin baş zabiti İntiqam Mikayılov, Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti, baş leytenant Murad Bəhmənli çıxış edərək, mülki müdafiənin məqsədlərindən, obyektlərdə işçilərə və işləməyən əhaliyə mülki müdafiə biliklərinin öyrədilməsindən, onun təşkil edilmə prinsiplərindən danışıblar. Qeyd edilib ki, hər bir ümumtəhsil müəssisəsi özünün mülki müdafiə gününü müəyyənləşdirməlidir və mülki müdafiə fənni 2-ci sinifdə 6 saat, 5-ci sinifdə 8 saat və 6-cı sinifdə 8 saat tədris olunur. Saatlar bədən tərbiyəsi fənninin tədris saatlarına daxil edilir və sinif rəhbərləri tərəfindən tədris olunur.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.