Ağcabədidə Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
12 iyun 2026 | 17:06
Ağcabədi Rayon İcra Hakimiyyətinin akt zalında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan Böyük Qayıdışa: Davamlı İnkişafın Memarlığı” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdən əvvəl konfrans iştirakçıları Ağcabədi Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri düzüblər.
Rəsmi hissədə moderator Səbuhi Mövsümovun açılış nitqindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir çərçivəsində Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. Film iştirakçılara xalqımızın keçdiyi mühüm tarixi mərhələləri bir daha xatırlamaq imkanı yaradıb.
Konfransın məruzə və çıxışlar hissəsində müxtəlif istiqamətlər üzrə aktual mövzular müzakirə olunub. Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəsi Radə Qafarova “Qurtuluş fəlsəfəsindən Böyük Qayıdışa: Tarixi yaddaşın və müasir şəhərsalmanın vəhdəti” mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra Ağcabədi bələdiyyəsinin sədri İsmayıl Rəsulov “Heydər Əliyev və yerli özünüidarəetmə: Bələdiyyə fəaliyyətində müasir şəhərsalma və memarlıq prinsiplərinin tətbiqi”, Ağcabədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor vəzifəsini müvəqqəti icra edən Təranə Məmmədova “Kitab və irs: Ulu Öndərin zəngin fəaliyyətinin gənc nəsillərə və mədəniyyət ocaqlarına işığı”, Ağcabədi şəhəri C. İbrahimov adına 8 nömrəli tam orta məktəbin tarix müəllimi Namiq Əhmədov isə “15 İyun – Azərbaycanın siyasi tarixində müstəqilliyin xilası və intibahın başlanğıcı” mövzularında çıxış ediblər.
Tədbirin sonunda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yekun nitqi ilə çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb, bu günün ölkənin sabitliyi, inkişafı və müstəqilliyinin qorunması baxımından mühüm rol oynadığını qeyd edib.






