Ağcabədidə Milli Musiqi Günü təntənəli qeyd olunub
Sentyabrın 18-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ağcabədi Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “18 Sentyabr – Milli Musiqi Günü” münasibətilə ümumrayon bayram tədbiri keçirilib.
Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının, YAP Ağcabədi rayon təşkilatının, Qarabağ Regional Mədəniyyət İdarəsinin nümayəndələri, şəhid ailələri, rayon ictimaiyyətinin üzvləri, hərbi qulluqçular və musiqisevərlər iştirak ediblər.
Əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində kitab və rəsm sərgisi təşkil olunub, dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən RİH başçısı Rafil Hüseynov dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Bildirilib ki, Şərqdə ilk operanın müəllifi olan Üzeyir Hacıbəyli milli musiqimizi dünya səviyyəsində tanıdıb, zəngin yaradıcılıq irsi ilə Azərbaycan mədəniyyətində silinməz iz qoyub.
Daha sonra Ağcabədi, Ağdam və Bərdə musiqi kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Proqramda Üzeyir Hacıbəylinin ölməz əsərləri, opera və musiqili komediyalardan səhnələr, rəqs kompozisiyaları nümayiş etdirilib. Füzuli Dövlət Dram Teatrının kollektivi tərəfindən “Leyli və Məcnun”, “Arşın mal alan” və “O olmasın, bu olsun” əsərlərindən səhnə kompozisiyaları təqdim olunub.
Konsert proqramı iştirakçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.
Sonda bir qrup fəal mədəniyyət işçisi Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov tərəfindən Fəxri fərman və hədiyyələrlə təltif olunub.






