Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə meşə yanğınları ilə bağlı regional müşavirə keçirilib

16 may 2023 | 18:11

Müşavirədə Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Daxili İşlər, Ədliyyə Nazirliklərinin əməkdaşları, Ağcabədi, Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli, Ucar, Zərdab, Kürdəmir, Tərtər, Bərdə və Ağdam rayonlarının icra hakimiyyəti başçılarının I müavinləri, həmin rayonların  inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, “Azərişıq”ASC, “Azərenerji”ASC və  “Azəriqaz” İB-nin Regional bölmələrinin nümayəndələri və fermerlər iştirak ediblər.

Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin rayon icra hakimiyyəti qarşısında ucaldılan abidəsini ziyarət edib, önünə çiçək dəstələri düzüblər.

Yaqub Məmmədov adına Ağcabədi Rayon Mədəniyyət Mərkəzində davam edən tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək, qonaqları salamlayıb və iştirakçılara  tədbir haqqında məlumat verib. Meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılmasının vacibliyi qeyd olunub. R. Hüseynov eyni zamanda biçilmiş taxıl sahələrinin yandırılmasının qadağan olduğunu və buna görə taxıl sahəsinin sahibinin məsuliyyət daşıdığını diqqətə çatdırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov çıxışında kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, eləcə də hər bir  vətəndaşın odla ehtiyatlı davranmalı və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməli olduğunu bildirib. V. Kərimov qeyd edib ki, yaşıllıqların məhvi orada yaşayan canlıların da məhv olması deməkdir. Yanğınların baş vermə səbəblərinin bir çoxu insanların ətraf mühitə məsulliyətsiz yanaşmalarından qaynaqlanır, yanğın baş verən ərazilərin flora və faunasının bərpası isə uzun zaman alır.

Sonra Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev, ETSN-in Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mohuma Heraçiyev, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Mahir Məlikov çıxış edərək bildiriblər ki,  yanğın hadisələrinin qarşısının alınması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, bütün şəxslərin əsas vəzifələrindəndir və bu sahədə hər kəsin üzərinə ciddi məsuliyyət düşür. Çıxışlar zamanı həmçinin yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyi, eyni zamanda bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Keçidlər