Ağcabədidə “Məhəmməd Füzuli-530” başlığı altında tədbir təşkil olunub.
20 aprel 2024 | 18:08
Aprelin 20-də Ağcabədi rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin Boyat kənd kitabxana filialında “Məhəmməd Füzuli-530” başlığı altında tədbir təşkil olunub.
Tədbirdə Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, respublikanın Əməkdar müəllimi Qəzənfər Abbasov, şair və yazıçılar, ziyalılar, Boyat kənd sakinləri, mədəniyyət işiçləri və poeziyasevərlər iştirak ediblər. İlk öncə tədbir iştirakçıları Məhəmməd Füzulinin kitabxananın qarşısında yerləşən büstünü ziyarət ediblər, önünə çiçəklər düzüblər.
Tədbirin aparıcısı, Ağcabədi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Təranə Məmmədova tədbiri açıq elan edərək klassik Azərbaycan şairi Məhəmməd Füzulinin zəngin yaradıcılığı haqqında geniş məlumat verib.
Ağcabədi rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin direktoru Məhəbbət Əliyeva tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, bu il Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, yaxın və orta Şərq ədəbiyyatına mühim təsir göstərən qüdrətli söz sənətkarı Məhəmməd Füzulinin 530 illiyi tamam olur. Qüdrətli sənətkar ana dillində poeziyamızın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək zirvəyə ucaltmışdır. Şairin yaradıcılığına böyük hörmət və ehtiramın təzahürü olaraq ölkə Prezidenti İlham Əliyev bu ilin yanvar ayının 25-də Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəcamın icrası ilə bağlı Ağcabədi rayon Mərkəzləşdirilimiş Kitabxana Sistemində xüsusi tədbirlər planı hazırlanıb, silsilə tədbirlərin həyata keçirilməsi başlanıb. Bu tədbirlərin davamı olaraq “Məhəmməd Füzuli – 530” başlıqlı tədbirimizi də Füzulinin yurdu Bayat elində keçiririk – deyə Məhəbbət Əliyeva qeyd edib.
Yaradıcılıq gecəsində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas, Müharibə Veteranı Qadınlara Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas, Əməkdar müəllim Zəhra İbrahimova, şairlərdən Gündüz Sevindik, Rasim Ləhcəli, Mübariz Məmişoğlu, Eldar Qarqarçay, Boyat kənd kitabxana filialının müdiri Təhminə Quliyeva çıxış edərək Məhəmməd Füzulinin ədəbiyyatımızdakı, ümumilikdə Şərq poeziyasında tutduğu uca mövqedən, eləcə də Füzuli irsinin bu gün böyük bir məktəb rolunu oynadığını vurğulayıb.
Tədbir ədəbi-bədii hissə ilə davam edib. Ağcabədi rayon Hacıbədəlli kənd Uşaq Musiqi məktəbinin direktoru Məhbubə Əliyeva, həmin məktəbin tar müəllimi Hafiz İsmayılov, xanəndələrdən Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, respublikanın Əməkdar müəllimi Qəzənfər Abbasov, səs müəllimləri Ulduz və Xalıqverdi Qarayevlər, Zülfiyyə Yusifova, Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemininin əməkdaşı Suliddin Mirzəyev və Çingiz İbişovun ifasında Füzulinin qəzəllərinə bəstələnmiş muğam və təsniflər səsləndirilib, “Leli və Məcnun” operasından müəyyən səhnələr nümayiş olunub.
Sonra Boyat və Biləğan kənd tam orta məktəblərinin şagirdlərinin ifasında Füzuli yaradıcılığına müraciət olunub, şairin qəzəlləri səsləndirilib.
Sonda tədbir iştirakçıları “Füzuli-530” başlığı altında təşkil olunmuş sərgiyə baxış keçiriblər.