Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Media və hüquqi maarifləndirmə” adlı konfrans təşkil edilib

11 iyun 2022 | 09:20

Regional media, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları ilə mövcud kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə Baş Prokurorluğun silsilə tədbirlərinin davamı olaraq Ağcabədi şəhərində “Media və hüquqi maarifləndirmə” adlı işgüzar konfrans təşkil edilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Tədbir çərçivəsində media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Ağcabədi rayon prokurorluğunun inzibati binasına press-tur təşkil edilib, iştirakçılar binanın infrastrukturu barədə məlumatlandırılıb, əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.
Konfrans zalında keçirilən görüşdə öncə torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Ağcabədi rayon prokuroru Vüqar Hacıyev informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə təşkil olunmuş işgüzar konfransın əhəmiyyətindən bəhs edib.
Sonra çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Əbdülsəməd Əzizli vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş Prokurorluğun sosial media platformalarında olan müraciət, sorğu və təkliflərə həssaslıqla yanaşıldığını, hazıradək 200-dən çox müraciətin məhz sosial media platformalarında olan hesablar vasitəsilə qəbul edildiyini bildirib, qurumun fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılmasının əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Mamedov, RİH-nin Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fikrət Allahverdiyev, “Aran” qəzetinin redaktoru Məhsəti Ağayeva, redaktor müavini Adil Əhmədov, GTM Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova və digərləri çıxış edərək bu kimi tədbirlərin əhəmiyyətindən söz açıb və belə görüşlərin davamlı olmasını arzulayıblar. Çıxışlar zamanı “Aran” qəzetinin son zamanlar rayonun ictimai, siyasi, mədəni həyatının işıqlandırılmasında, maarifləndirmə işlərindəki fəallığından da söz açılıb, qəzetin nəzdində fəaliyyət göstərən aranqazeti.az saytının və Aran Ağcabədi televiziyasının da operativliyin və informasiya doğruluğunun təmin olunmasındakı rolundan danışılıb.
Görüşdə əməkdaşlıqla bağlı bir sıra təkliflər səsləndirilib, müəyyən suallar cavablandırılıb.
Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər