Ağcabədidə kənd təsərrüfatı sahəsində qarşıda duran vəzifələr müzakirə olunub
Ağcabədi rayonunda kənd təsərrüfatı sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı iclas keçirilib.
İclasda rayonda pambıq yığımının gedişi, payızlıq taxıl əkini zamanı sertifikatlı buğda və arpa toxumlarından istifadənin vacibliyi, əkin sahələrinin vaxtında suvarılmasının təmin edilməsi və taxıl əkini ilə bağlı vətəndaşlar tərəfindən yanlış məlumatların verilməsinin qarşısının alınması istiqamətində təbliğat işlərinin gücləndirilməsi məsələləri müzakirə olunub.
Həmçinin çəkil ağaclarına aqrotexniki qulluq göstərilməsi, çəkil bağlarının baramaçılıqla məşğul olan kümçülər arasında ərazilər üzrə bölgüsünün aparılması, dövlət tərəfindən verilmiş və əhalinin həyətyanı sahələrində mövcud olan çəkil ağaclarının sayının dəqiq müəyyənləşdirilməsi məsələlərinə diqqət yetirilib. Bu məlumatların düzgün təqdim edilməsinin vacibliyi, zərurət yarandığı halda seçmə üsulu ilə monitorinqlərin keçirilməsi məsələsi də gündəliyə daxil edilib.
Bununla yanaşı, Qaravəlli, Təzəkənd və digər kəndlərdə ətlik istiqamətdə bəslənilən iri buynuzlu heyvanların uçotunun aparılması və subsidiyalaşdırılması, iri və xırdabuynuzlu heyvanlar arasında dabaq və digər xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
İclasda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Rayon İcra Hakimiyyətinə daxil olan məlumatların vaxtında təqdim edilməsi məqsədilə icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən müvafiq məlumat formalarının müəyyən edilmiş müddətlərdə təqdim olunmasının vacibliyi də vurğulanıb.
Müzakirələrdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların, yerli icra nümayəndəliklərinin və bələdiyyələrin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi, qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə icra olunmasının təmin edilməsi əsas məsələlər kimi diqqətə çatdırılıb.






