Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “İnsan Hüquqları aylığı” çərçivəsində dəyirmi masa

06 iyun 2023 | 18:03

İyunun 6-da Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsi Ağcabədi rayon Təhsil sektorunun, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin əməkdaşları, media nümayəndələri, M. Aranlı adına 11 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər edib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor vəzifəsini icra edən Rövşanə Əliyeva qeyd edib ki, Ağcabədi rayon Heydər Əliyev Mərkəzində tarixi və əlamətdar günlərlə yanaşı maarifləndirici tədbirlər də həyata keçirilir ki, onlardan biri də narkomaniyayla mübarizəyə həsr olunmuş tədbirdir. Müasir dövrümüzün ağır bəlalarından biri olan, el arasında “ağ ölüm” kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı ildən-ilə artmaqdadır. Uzun illərin elmi araşdırmaları göstərir ki, narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir. Nəticədə orqanizm zəifləyir, çəki itkisi yaranır, insanın fiziki gücü tükənir və sonda ölüm halı baş verir. 

Sonra çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Ülkər Kərimova, Qarabağ Regional Təhsil idarəsi Ağcabədi rayon Təhsil sektorunun metodisti Tofiq Zeynalov, Aran Ağcabədi internet televiziyasının redaktoru Gündüz Sevindik, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova bildiriblər ki, narkomaniya ilə mübarizə mövzusunda rayonumuzda mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. Tədbir iştirakçıları yeniyetmələrin bu təhlükəli bəlaya düçar olmasının qarşısının alınması məqsədilə belə  tədbirlərin müntəzəm olaraq keçirilməsinin vacibliyini də bildiriblər.

Keçidlər