Ağcabədidə heyvanların identifikasiyası və qeydiyyatı sisteminin tətbiqinə həsr olunmuş iclas keçirilib
30 oktyabr 2026 | 17:38
Ağcabədi Rayon İcra Hakimiyyətinin inzibati binasında “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində heyvanların identifikasiyası və qeydiyyatı sisteminin tətbiqinə həsr olunmuş iclas keçirilib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının 10.7.1-ci bəndində nəzərdə tutulan heyvanların identifikasiyası və qeydiyyatı sisteminin formalaşdırılması və ölkə ərazisində mərhələli şəkildə tətbiqinin həyata keçirilməsi məsələlərinə həsr olunub.
İclasda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və rayon fermerləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Rafil Hüseynov ölkəmizdə aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyindən, xüsusilə heyvandarlıq sahəsində tətbiq olunan güzəşt və dəstək mexanizmlərindən bəhs edib. O, heyvanların identifikasiyası və qeydiyyatı sisteminin tətbiqinin epizootik sabitliyin qorunması, heyvan sağlamlığına nəzarətin gücləndirilməsi və qida təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
AQTA-nın Qarabağ regional bölməsinin rəis müavini Xanlar Adıgözəlov çıxışında heyvanların identifikasiyası və qeydiyyatı istiqamətində görülmüş işlər, sistemin tətbiqi qaydaları və idarə olunması mexanizmləri barədə ətraflı məlumat verib.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib, fermerləri və bələdiyyə nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, sistemin tətbiqi ilə bağlı qarşıda duran vəzifələr və növbəti addımlar müzakirə olunub.






