Ağcabədidə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub
Mayın 10-da Ağcabədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ağcabədi şəhərində yerləşən Heydər Əliyev Meydanında Ulu Öndərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiram ifadə edilib. Daha sonra tədbir iştirakçıları rayon mədəniyyət mərkəzinin foyesində təşkil olunan sərgi ilə tanış olublar.
Mədəniyyət mərkəzinin konfrans zalında davam edən tədbirdə əvvəlcə Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Moderatorun açılış nitqindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və digər natiqlər Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri barədə ətraflı danışıblar. Çıxışlarda Ulu Öndərin siyasi kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb.
Tədbir çərçivəsində Aprel döyüşləri şəhidi gizir Dilsuz Qarayevin ölümündən sonra təltif olunduğu “Vətən uğrunda” medalı ailə üzvlərinə təqdim olunub. Təqdimat mərasimi iştirakçılar tərəfindən ayaqüstə alqışlarla qarşılanıb.
Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim edilib, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş müxtəlif müsabiqə və yarışların qalibləri fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Tədbirin bədii hissəsində Qarabağ Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı təqdim olunub. Proqram çərçivəsində Ulu Öndərin sevdiyi Azərbaycan musiqiləri, muğam nümunələri və vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.






