Ağcabədidə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib
Avqustun 25-də Heydər Əliyev Mərkəzinin inzibati binasında “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib.
Ağcabədi Rayon İcra Hakimiyyəti və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Tərtər Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayon üzrə sektorunun, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə təhsil sektorunun əməkdaşları, Rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin, Gənclər üçün Təhsil Mərkəzinin və Gənclər üçün Kariyera Mərkəzi Qarabağ Regional ofislərinin nümayəndələri və “Aran” qəzetinin işçiləri iştirak ediblər.
Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova tədbiri giriş sözü ilə açıb.Tədbirdən qabaq Ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub. V.Məmmədova Ulu öndər Heydər Əliyevin 100 illiyi çəriçivəsində rayonda görülən işlər, keçirilən silsilə tədbirlər haqqında məlumat verib. Bununla yanaşı o, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dilinin inkişafı naminə gördüyü işlərdən, bu sahədə atılan müvafiq addımlardan da danışıb.
Sonra Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə təhsil sektorunun metodisti Tofiq Zeynalov uzun illər təhsil sahəsində çalışan bir şəxs kimi hər zaman Ümummilli lider Heydər Əliyevin bu sahədə tətbiq etdiyi yeniliklərin məhz Azərbaycanda təhsilin inkişafına hesablandığını bildirib. Natiq çıxışında onu da qeyd edib ki, bu gün bütün sahələrdə aparılan məqsədyönlü siyasət, Ulu öndərin layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra çıxış üçün söz “Aran” qəzetinin redaktoru Məhsəti Musaya verilib. O, bütün liderlik keyfiyyətlərini özündə birləşdirən Heydər Əliyev şəxsiyyətindən, onun ana dilimizin inkişafı üçün gördüyü misilsiz xidmətlərdən, mətbuat sahəsinə ayırdığı diqqət və qayğıdan ətraflı söz açıb.
Növbəti çıxışçılarda Heydər Əliyev Mərkəzinin elmi işçisi Ruhin Hüseynov, Ağcabədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məhəbbət Əliyeva, Gənclər üçün Kariyera Mərkəzi Qarabağ Regional ofisinin əməkdaşı Ləman Zeynalova və Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin əməkdaşı Fatimə Fərzəliyeva ana dilimizin saflığının qorunması, Ulu öndərin milli-mənəvi dəyərlərimizin yaşadılması uğrunda həyata keçirdiyi işlər haqqında məlumat veriblər. Yekunda Heydər Əliyevin ömür yolu və xalqına xidməti haqqında qısametrajlı sənədli film nümayiş olunub.