Ağcabədidə "Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Umummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra qonaqlar YAP Ağcabədi rayon təşkilatının inzibati binasının qarşısında Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil edilmiş səyyari sərgi ilə tanış olublar.
Konfrans Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutu və Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.
Yap Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldığını bildirib. YAP Ağcabədi rayon təşkilatının sədri təməli Ulu Öndər tərəfindən qoyulan hərbi sahədəki islahatların onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, görülən işlərin məntiqi nəticəsinin 2020-ci ilin sentyabr ayında başlayan və cəmi 44 gündə Qəhrəman Ordumuzun Şanlı Qələbəsi ilə başa çatmasına gətirib çıxardığını vurğulamışdır.
GTM Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi və 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Eyni zamanda Ordumuzun keçdiyi inkişaf yolundan, Silahlı Qüvvələrin potensialının və gücünün artırılması istiqamətində görülən tədbirlərin uğurlu nəticələrindən danışıb. Qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan ordusunun gücü, şəhid və qazilərimizin qəhrəmanlıqları sayəsində torpaqlarımız işğaldan azad edilmiş və Azərbaycan bayrağı bütün işğaldan azad edilmiş ərazilərimizdə dalğalanır.
Konfransda SHXÇDX rayon şöbəsinin rəisi Qabil Rzayev, “N” saylı hərbi hissənin qərargah rəisi Vüqar Tağıyev və komandir müavini Elcan İsayev, şəhid atası Rəşad Rəhimov, Heydər Əliyev Mərkəzinin direktoru Rövşanə Əliyeva, Vətən müharibəsi qazisi Ramil Nağıyev Ümummilli Liderin ordu quruculuğunun inkişafı üçün gördüyü əvəzsiz xidmətlər, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən oğullarının düşmən üzərində qazandığı qələbə haqqında ətraflı məlumat veriblər.
Çıxışlardan sonra Müzəffər Azərbaycan Ordusuna həsr edilmiş film nümayiş olunub.