Ağcabədidə “Heydər Əliyev İli”çərçivəsində Qarabağ atlarının nümayişi tədbiri və cıdır yarışı təşkil edilib.
Qarabağ Atçılıq Kompleksində “Heydər Əliyev İli”çərçivəsində dünyanın ən məşhur və nadir atlarından sayılan Qarabağ atlarının nümayişi tədbiri və cıdır yarışı təşkil edilib. Görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının və digər idarə, təşkilatların rəhbərləri, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin əməkdaşı Əbülfəz Qafarov, F-Holdinq şirkətinin direktoru Fərid Mustafayev, Qarabağ Atçılıq Kompleksinin direktoru Elman Qədirov və digər şəxslər iştirak ediblər.
“Aran” xəbər verir ki, tədbirdən əvvəl kompleksin həyətində atların saxlanılması şəraiti ilə yaxından tanışlıq olub. Sözügedən kompleksin direktoru Elman Qədirov qonaqlara Qarabağ atlarının digər at cinslərindən üstün xüsusiyyətləri barədə, onların cinsləri və bəslənilməsi haqqında geniş məlumat verib. Sonra tədbir kompleksin qapalı manejində davam edib.
Giriş nitqi ilə çıxış edən kompleksin rəhbəri E. Qədirov tədbirə qatılan qonaqları salamlayıb, tədbiri açıq elan edib. Sonra mövzü ətrafında çıxışlara başlanılıb. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov söhbətində ulu öndərin qayğıkeş və diqqətcil rəhbər kimi ölkənin bütün sahələrdə inkişafı üçün gördüyü əvəzsiz xidmətlərdən danışıb, bu cür kompleksin Ağcabədi rayonunda tikilib istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirib. Tədbirin təşkilatçılarından olan F-Holdinq şirkətinin direktoru Fərid Mustafayev belə at nümayişi sərgilərinin və cıdır yarışlarının keçirilməsini ölkə üçün vacib və əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Sonra çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Əbülfəz Qafarov Qarabağ Atçılıq Kompleksinin yaradılmasını dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğının əyani sübütu olduğunu söyləyib, kompleksin müşaviri Maarif Hüseynov isə ümummilli liderin həyat və fəaliyyəti haqqında, ölkə prezidenti İlham Əliyevin bu sahədə apardığı işlərdən geniş söz açıb. Çıxışlardan sonra görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra at təlimi meydançasında Qarabağ atlarının I, II, III, IV,V və VI qrup yaş kateqoriyalarına görə nümayiş sərgisi keçirilib, sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Atların nümayiş sərgisi bitdikdən sonra, kompleksin açıq manejində ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş zəfər mükafatı üzrə cıdır yarışı təşkil olunub. Sonda yarışda qalib olan iştirakçılara təşkilatçılar tərəfindən kubok və diplomlar təqdim olunub.