Ağcabədidə “Heydər Əliyev - 100: Nəsillərin görüşü” adlı tədbir keçirilmişdir.
Ağcabədidə “Heydər Əliyev - 100: Nəsillərin görüşü” adlı tədbir keçirilmişdir.
Ağcabədi rayonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filalının və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin birgə əməkdaşlığı ilə “Heydər Əliyev - 100: Nəsillərin görüşü” adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri ADPU Ağcabədi filialının pedaqogika, psixologiya və onların tədrisi texnalogiyasi kafedrasının baş müəllimi, doktorant Aygün Əlizadə açaraq Ulu Öndərin keçdiyi şərəfli həyat yolundan bəhs edərək qeyd etmişdir ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.
Tədbirdə çıxış edən GTM Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova gənclər adından qonaqlara təşəkkürünü bildirərək vurğulayıb ki, bu günkü görüşün məqsədi yaşlı və gənc nəsil arasında əlaqələrin möhkəmləndirilməsi, gənclərin ağsaqqallardan daha çox öyrənmələrinə, örnək götürmələrinə yardımçı olmaqdır. Eyni zamanda qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolu daha da artdı. Ulu Öndər həmişə ağsaqqal sözünün hikmətinə, böyüklüyünə yüksək qiymət verir, onları cəmiyyətin ən fəxarətli üzvləri kimi qəbul edirdi. Hazırda bu gözəl ənənə Prezident İlham Əliyev tərəfindən daim uca tutulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti vaxtilə ulu öndər Heydər Əliyevin respublika ağsaqqallarına göstərdiyi diqqət və qayğını davam etdirir. Bütün bunlar bir daha təsdiqləyir ki, ağsaqqallar xalqımızın mənəvi sərvətidir və bu gün biz həmin sərvətin nümayəndələri ilə görüşürük.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri, Ağcabədi rayon Ağsaqqallar şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov, ADPU Ağcabədi filialının Pedaqogika, psixologiya və onların tədrisi texnalogiyasi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tahir Kərimli, YAP veteranı Teymur Rəhimov, Zəhra İbrahimova, Müşkünaz Əbülhəsənova, Zeynəb Azadova, Aran qəzetinin redaktoru Məhsəti Musa Ulu Öndərlə bağlı xatirələrini paylaşaraq, onun Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.
Sonda tədbir iştirakçıları onlara göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə ediblər.