Ağcabədidə həmkarlar ittifaqı nümayəndələri üçün zona seminarı keçirilib
3 noyabr 2026-cı il tarixində Ağcabədi rayonunda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin təşkilatçılığı və Mediasiya Şurasının nümayəndələrinin iştirakı ilə zona seminarı keçirilib.
Seminarda Beyləqan, İmişli, Saatlı, Sabirabad, Xocavənd, Kürdəmir, Zərdab, Ağdam, Bərdə və Ağcabədi rayonlarından ümumilikdə 75 həmkarlar ittifaqı nümayəndəsi iştirak edib.
Tədbirdə Respublika Birliyi sədrinin birinci müavini, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini və Mediasiya Şurasının zona üzrə nümayəndələri iştirak ediblər.
Seminarın əsas müzakirə mövzuları əmək mübahisələrinin həlli, hüquqi maarifləndirmə, kollektiv əmək mübahisələrinin tənzimlənməsi və mediasiya imkanları olub. Həmçinin həmkarlar ittifaqı komitələri ilə mediasiya təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Çıxışlarda əmək münasibətlərində yaranan mübahisələrin qanunvericiliyin tələblərinə uyğun həllində mediasiyanın əhəmiyyəti, bu sahədə hüquqi biliklərin artırılmasının və həmkarlar ittifaqları ilə mediasiya təşkilatları arasında qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanıb.
Seminar iştirakçıların mövzu ətrafında fikir mübadiləsi və müzakirələri ilə yekunlaşıb.






