Ağcabədidə “Əsgərlərimizin izi ilə açılan Zəfər yolu” adlı tədbir keçirilib.
17 oktyabr 2022-ci il tarixində Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin təşkilatçılığı ilə 18 oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Əsgərlərimizin izi ilə açılan Zəfər yolu” adlı tədbir keçirilib.
Torpaqlarımızın azadlığı ugrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşı, müharibə veteranları, qazilər, şəhid ailələrinin üzvləri, GTM Qarabağ ofisinin,Ağcabədi regional “ASAN xidmət” mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin könüllüləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı qeyd edib ki, 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. SSRİ-nin süqutu dövründə yəni 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmiz Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlanıb.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi inkişaf siyasətinin uğurla davam etdirilməsi sayəsində Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Elə 44 günlük Vətən müharibəsi də bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etməklə, bütün dünyaya öz qüdrətini,öz müstəqilliyinin müdafiəçisi olduğunu bir daha nümayiş etdirdi.
Görüşdə çıxış edən ARİH Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, Qarabağ müharibəsi veteranı Mehman Novruzov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağcabədi filialının rəhbəri İsmayıl Məhərrəmov, Vətən müharibəsi qazisi İlqar Əmirov, hərbi jurnalist Daşqın Güneyli, Şəhid Camal İbrahimovun bacısı Nüşabə İbrahimova, Qarabağ müharibəsi veteranı İslam Ağayev, GİKM Ağcabədi nümayəndəliyinin əməkdaşı Ləman Zeynalova Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun əldə etdiyi möhtəşəm qələbənin müstəqillik tariximizdə mühüm əhəmiyyətə malik olduğunu qeyd etməklə, bu böyük zəfərin əldə olunmasında bütün Azərbaycan xalqınının bir yumruq ətrafında birləşdiyini xüsusi ilə diqqətə çatdırıblar.
Tədbirin sonunda “Əsgərlərimizin izi ilə açılan Zəfər yolu” adlı film nümayiş olunub.