Ağcabədidə "Erkən nikaha yox deyək!" adlı tədbir keçirildi
19 avqust 2022-ci il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində "Erkən nikaha yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə rayon icra hakimiyyəti aparatının, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin, Təhsil şöbəsinin əməkdaşları və media nümayəndələri iştirak ediblər. Tədbiri çıxış nitqi ilə açan Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva erkən nikahın səbəbləri, onun yaratdığı fəsadlardan, cəmiyyətin bu mövzuda maarifləndirilməsindən ətraflı danışıb. R. Əliyeva bildirib ki, azyaşlıları erkən nikaha cəlb edən hər kəs, o cümlədən valideynlər qanunla müvafiq olunmuş qaydada məsuliyətə cəlb olunur.
Sonra Ağcabədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vüsalə Məmmədova, "Aran Ağcabədi" TV-nin redaktoru Gündüz Nəcəfov, təhsil şöbəsinin əməkdaşı Nəzakət Abbasova, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin nümayəndəsi Ruhiyyə Rüstəmova çıxış edərək, erkən və qohum evliliyinin sağlamlığa vurduğu zərərlərdən, problemin gənclərin sosiallaşmasına mane olmasından, onları təhsildən yayındırmasından söhbət açıblar. Qeyd olunub ki, erkən nikah halları ailə daxili münaqişələrə, boşanmalara və nəticədə cəmiyyətdə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Tədbir maraqlı müzakirələr və diskussiyalar şəklində davam etdirildi. Sonda xatirə şəkli çəkdirildi.