Ağcabədidə əmək yarmarkası keçirildi
16 aprel 2025 | 18:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialı tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası bu dəfə Ağcabədidə təşkil olunub. Ağcabədi Olimpiya İdman Kompleksində baş tutan yarmarkaya işsiz və işaxtaran kimi qeydiyyatdan keçən 272 nəfər şəxs qatılıb.
Əmək yarmarkasında 8-i dövlət, 16-sı isə özəl sektordan olmaqla, ümumilikdə 24 işəgötürən müəssisə iştirak edib. Yarmarkada işsiz və işaxtaran şəxslərin seçimi üçün ümumilikdə işəgötürənlər tərəfindən 120-dən artıq vakansiya təklif edilib. Həmçinin burada işaxtaranlarla işəgötürənlər arasında dialoqlar qurulub, müəyyən məsləhətləşmələr və fikir mübadilələri aparılıb. Vətəndaşları işlə təmin olunmaqla bağlı maraqlandıran suallar aidiyyəti insanlar tərəfindən ətraflı şəkildə cavablandırılıb.