Ağcabədidə dövlət qulluqçuları üçün peşəkar inkişaf təlimləri keçirilib
21–23 oktyabr 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən Ağcabədi rayonunda çalışan dövlət qulluqçularının peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə xüsusi təlim proqramı təşkil olunub.
Dövlət İmtahan Mərkəzinin təcrübəli əməkdaşlarının təqdimatında keçirilən təlimlərdə dövlət qulluğunun təşkili, vətəndaşlara xidmət keyfiyyətinin yüksəldilməsi və effektiv ünsiyyət bacarıqlarının formalaşdırılması məsələlərinə toxunulub.
Təlim proqramı çərçivəsində Nərmin Ağayeva tərəfindən “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi”, Nərmin Xəlilova tərəfindən “Cəmiyyətə xidmət psixologiyası: Dövlət qulluqçusunun daxili motivasiyası”, Zeynal Cabarov tərəfindən isə “Ünsiyyət bacarıqlarının inkişafı” mövzularında təqdimatlar keçirilib. Mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və interaktiv çalışmalar vasitəsilə praktiki biliklərin möhkəmləndirilməsinə diqqət yetirilib.
Təlim proqramında iştirak edən dövlət qulluqçularına Dövlət İmtahan Mərkəzinin müvafiq sertifikatlarının təqdim edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, dövlət qulluğunda insan resurslarının inkişafı, əməkdaşların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə həyata keçirilən bu kimi təlimlərin davamlı təşkili mühüm əhəmiyyət daşıyır.






