Ağcabədidə daha bir küçəyə asfalt çəkilib
Rayonun küçə və prospektlərində yollar qəzalı vəziyyətdə olduğundan həmin yerlərin asfaltlanmasına zərurət yaranmışdı. Buna görə də icra başçısının birbaşa tapşırığı ilə başlayan asfaltlanma prosesi rayonun küçə və prospektlərində mərhələli şəkildə davam etdirilir.
Bununla əlaqədar olaraq noyabrın 28-də rayon rəhbəri Rafil Hüseynov Tofiq İsmayılov küçəsinə yeni salınan, inşası davam etdirilən asfalt örtüyü ilə tanış olub, gedilən tikinti-təmir prosesini yaxından izləyib.
Tofiq İsmayılov küçəsinə salınan asfalt döşəmə 1-ci dalan üzrə 400 kvadratmetr, 2-ci 1224 kvadratmetr, 3-cü 300 kvadratmetr, 4-cü 400 kvadratmetr, 5-ci 1050 kvadratmetr, 6-cı dalan üzrə 390 kvadratmetr olmaqla, ümumilikdə 3 min 764 kvadratmetr uzunluğu təşkil edir.
Asfalt çəkilməzdən əvvəl texnikaların köməyi ilə yolun üst qatındakı daşlar və çala yerləri təmizlənərək, asfaltlanmağa hazır vəziyyətə gətirilib.
Ərazidə olan rayon rəhbəri Rafil Hüseynov asfaltın çəkilişini yerinə yetirən icraçı şəxslərə öz tapşırıqlarını verib.
Qeyd edək ki, bölgəmizin sözügedən küçəsində və başqa ərazilərdə asfaltın çəkilişini icraçı kimi tenderin qalibi olan “ Dream Construction Company” MMC şirkəti həyata keçirir.