Ağcabədidə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin uğurlu iş təcrübələri təşviq olunur
Ağcabədi Rayon İcra Hakimiyyətində cəzaçəkmə müəssisələrindən azad edilmiş və uğurlu iş təcrübəsi əldə etmiş şəxslərin cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, onların müsbət həyat və əmək təcrübələrinin ictimaiyyətə çatdırılması məqsədilə aidiyyəti qurumların, sahibkarların və digər maraqlı tərəflərin iştirakı ilə görüş keçirilib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Mərkəzinin Ağcabədi rayon xidmət şöbəsinin nümayəndələri, rayonda fəaliyyət göstərən işəgötürənlər, sahibkarlar və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər iştirak ediblər.
Görüş zamanı cəzaçəkmə müəssisəsindən azad edilmiş, Ağcabədi rayonunun Minəxorlu kənd sakini Həsənov Rahib Nüdrət oğlu öz uğur hekayəsini iştirakçılarla bölüşüb. O, azadlığa buraxıldıqdan sonra dövlət tərəfindən göstərilən dəstək çərçivəsində aktivlərlə təmin olunduğunu, yaradılmış imkanlardan səmərəli istifadə edərək sahibkarlıq fəaliyyətinə başladığını və nəticədə həyat şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını bildirib. Rahib Həsənov göstərilən diqqət və dəstəyə görə minnətdarlığını ifadə edib.
Tədbirdə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin qarşılaşdıqları sosial və məşğulluq məsələləri müzakirə olunub, onların əmək bazarına çıxış imkanlarının genişləndirilməsi, sosial adaptasiyasının təmin edilməsi və cəmiyyətə reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Həmçinin aidiyyəti qurumlar tərəfindən göstərilən sosial və məşğulluq dəstəyi, mövcud imkanlar və müvafiq dəstək mexanizmləri barədə iştirakçılar məlumatlandırılıb. Bildirilib ki, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin uğurlu iş və həyat təcrübələrinin mediada və sosial şəbəkələrdə işıqlandırılması onların cəmiyyətə inteqrasiyasına, müsbət nümunələrin təşviqinə və digər şəxslərin əmək fəaliyyətinə cəlb olunmasına xidmət edir.
Görüşün sonunda bu istiqamətdə maarifləndirmə və məlumatlandırma tədbirlərinin davam etdirilməsi, uğurlu iş təcrübələrinin ictimaiyyətə çatdırılması və aidiyyəti qurumlar, işəgötürənlər və digər maraqlı tərəflərlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.






