Ağcabədidə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun dəstəklənməsi ilə bağlı tədbir keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətində cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial adaptasiyasının dəstəklənməsi, məşğulluğunun təmin edilməsi və onların cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi məqsədilə tədbir keçirilib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Mərkəzinin Ağcabədi rayon xidmət şöbəsinin nümayəndələri, rayonda fəaliyyət göstərən işəgötürənlər, sahibkarlar və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər iştirak ediblər.
Görüş zamanı cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin əmək bazarına çıxış imkanlarının genişləndirilməsi, onların işlə təmin olunması, peşə bacarıqlarının inkişaf etdirilməsi və sosial adaptasiyasının gücləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Tədbirdə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə qəbul edən işəgötürənlərin müsbət təcrübələri diqqətə çatdırılıb, onların məşğulluğunun təmin edilməsinin sosial əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu istiqamətdə həyata keçirilən müsbət təşəbbüslərin təbliği və digər işəgötürənlər arasında nümunə kimi təqdim edilməsi həmin şəxslərin cəmiyyətə uğurlu inteqrasiyasına və əmək fəaliyyətinə cəlb olunmasına mühüm töhfə verir.
Tədbir çərçivəsində işəgötürənlərin müsbət təcrübələrinin ictimaiyyətə çatdırılması, bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsi, o cümlədən cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin hazırladığı əl işləri və nümayiş etdirə bildikləri peşə bacarıqlarını əks etdirən sərgilərin təşkili məsələləri də müzakirə olunub.
Sonda cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun dəstəklənməsi, onların əmək bazarına inteqrasiyasının təmin edilməsi və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi barədə razılıq əldə olunub.






