Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Britaniya səfirinin iştirakı ilə erkən nikahla bağlı təlim keçirilib

25 yanvar 2023 | 18:17

Böyük Britaniya hökuməti tərəfindən dəstəklənən BREN layihəsi Cənubi Qafqazda qeyri-dövlət aktorlarının və qadın hüquqları təşkilatlarının dayanıqlılığını artıraraq, onların bu regionda sülh, sabitlik və təhlükəsizliyə transformativ, inklüziv və davamlı töhfələr verə bilmək qabiliyyətlərini gücləndirmək məqsədi daşıyır.

Layihə çərçivəsində yanvarın 25-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ouldun da iştirakı ilə Ağcabədi rayon Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbində erkən nikah və bu kimi sosial məsələlər üzrə maarifləndirici təlimlər baş tutub.

Sessiyalarda erkən nikahlar, məişət zorakılığı və onun formaları, zorakılıqla mübarizə mexanizmləri və insan hüquqları haqqında müzakirələr aparılmış və bunun nəticəsində məktəblərdə bullinqlə mübarizə, gender bərabərliyi, stereotiplər mövzularında şagirdlərin tənqidi təfəkkürünün inkişaf etdirilməsi prosesi sürətləndirilib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Sevinc Niftalıyevanın və məktəb direktoru Gülbikə Məmmədovun açılış nitqi ilə başlayan bu maarifləndirici sessiyalarda Gender Hub Azərbaycan Platformasının həmtəsisçisi Roman Qocayev və FemACT “Qadınlar Fondu Azərbaycan”ın təsisçisi Pərvanə Məmmədova təlimçi kimi çıxış edib. Sessiyalarda 30-a yaxın gənc müəllim və 120-ə yaxın şagird iştirak edib.

Keçidlər