Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə “Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” münasibətilə muğam gecəsi keçirilib

26 avqust 2026 | 20:38
Avqustun 26-da Ağcabədi rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 26 Avqust – Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə muğam gecəsi keçirilib.
 
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyan Qarabağ Muğam Mərkəzinin yay zalında təşkil olunan tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Qarabağ Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və kollektivi, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də muğam və musiqisevərlər iştirak ediblər.
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Qarabağ Muğam Mərkəzinin direktoru Tural Niftalıyev çıxış edərək Azərbaycan muğamının milli musiqi mədəniyyətimizin ən qiymətli incilərindən biri olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan muğamı dövlətin diqqət və qayğısı nəticəsində beynəlxalq səviyyədə tanıdılıb və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
 
Çıxışda Ağcabədinin də Azərbaycan muğam sənətinə görkəmli sənətkarlar bəxş etdiyi, bu ənənənin bu gün də uğurla davam etdirildiyi vurğulanıb. Bildirilib ki, rayonda muğam sənətinin inkişafına xüsusi diqqət göstərilir, istedadlı gənclərin üzə çıxarılması və onların peşəkar xanəndə kimi yetişdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.
 
Daha sonra Qarabağ Muğam Mərkəzinin müəllim və şagirdlərinin ifasında Azərbaycan muğamları, təsniflər və xalq mahnıları təqdim olunub. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan musiqi nömrələri alqışlarla müşayiət olunub.
 
Muğam gecəsi Azərbaycan milli musiqi irsinin təbliği, gənc istedadların dəstəklənməsi və muğam sənətinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətli tədbir kimi yadda qalıb.
Keçidlər