Ağcabədidə bayram yarmarkası təşkil olunub
Martın 12-də Ağcabədi rayonunda Novruz Bayramı münasibəti ilə yarmarka təşkil olunub.
Rayon Mərkəzi Stadionunda baş tutan yarmarka sakinlərin bayram öncəsi rahat şəkildə bazarlıq etməsinə imkan yaradıb.
Qeyd edək ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Ağcabədi rayon təşkilatının sədri yarmarkanın gediş prosesi ilə daha yaxından tanış olublar.
Satışa çıxarılan məhsullar bazar qiyməti ilə müqayisədə ucuz olub. Bundan alıcılarla bərabər, satıcılar da razılıq ediblər.
Rayon sakinlərinə yarmarkanın imkanlarından geniş istifadə etmək üçün hər cür şərait yaradılıb.
Bayram ərəfəsində təşkil olunan yarmarkalar əhalinin kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanlarının artırılmasına, eləcə də süni qiymət artımının qarşısının alınmasına xidmət edir.
“Aran Ağcabədi” internet televiziyasının əməkdaşları ilə həmsöhbət olan alıcılar yarmarkanın təşkilində zəhməti olan hər kəsə öz təşəkkürlərini bildiriblər.