Ağcabədidə bayram şənliyi keçirilib
30 dekabr 2024 | 17:07
Dekabrın 30-da Ağcabədi şəhərində Ağcabədi Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibətilə ümumrayon bayram tədbiri keçirilib. Heydər Əliyev Meydanında qurulmuş yolka ətrafında baş tutan tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid və qazi ailələri, onların övladları, idarə, təşkilat kollektivləri, rayon ictimaiyyəti, eləcə də Azərbaycan Ordusunun bir qrup əsgər və zabit heyəti iştirak ediblər.
Qarabağ Regional Mədəniyyət idarəsinin hazırladığı bayram abu-havalı konsert proqramı tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb. Vətənimizi, dövlətimizi tərənnüm edən şən mahnılar, təqdim olunan rəngarəng rəqs nümunələri bayram tədbirinə xüsusi gözəllik qatıb. Şaxta Baba və Qar qızın gəlişi uşaqların böyük sevincinə səbəb olub. Təxminən 1 saata yaxın davam edən tədbir hər kəsdə xoş ovqat, yüksək bayram əhval-ruhiyyəsi yaradıb.