Ağcabədidə baramaçılığın inkişafı, kooperasiya əlaqələrinin gücləndirilməsi və investisiyaların cəlb edilməsi məsələləri müzakirə olunub
Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli 3406 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 8.1.5-ci (barama istehsalçıları, tədarükçüləri və emal müəssisələri arasında kooperasiyanın dəstəklənməsi) və 8.4.3-cü (barama istehsalı və emalına yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlərin görülməsi) bəndlərinin icrası ilə əlaqədar 15 oktyabr 2026-cı il tarixində Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında tədbir keçirilib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin və Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul əməkdaşları, eləcə də rayonda fəaliyyət göstərən kümçülər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Muxdar Bağırov Dövlət Proqramının icrası istiqamətində rayonda həyata keçirilən tədbirlər barədə məlumat verib. O, barama istehsalçıları, tədarükçüləri və emal müəssisələri arasında qarşılıqlı kooperasiya əlaqələrinin dəstəklənməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, barama istehsalı və emalına yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində görülən işlərə toxunaraq, bu sahədə mövcud potensialdan səmərəli istifadə olunması ilə bağlı kümçülərə tövsiyələrini çatdırıb.
Daha sonra çıxış edən Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov ölkədə kənd təsərrüfatının digər sahələri ilə yanaşı, baramaçılıq və ipəkçiliyin də dövlət dəstəyi ilə inkişaf etdirildiyini diqqətə çatdırıb. O, baramaçılıq sahəsində tətbiq olunan dövlət dəstəyi mexanizmləri, subsidiyalar və güzəştlər barədə məlumat verərək, bu sahənin əhalinin məşğulluğunun təmin olunmasında və ailə gəlirlərinin artırılmasında əhəmiyyətli rol oynadığını bildirib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, baramaçılığın inkişaf perspektivləri, kooperasiya əlaqələrinin genişləndirilməsi, investisiyaların cəlb edilməsi və qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.






