Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə baharın gəlişi möhtəşəm şənliklə qeyd edildi.

17 mart 2026 | 18:50
Martın 17-də Ağcabədi şəhərində yerləşən Heydər Əliyev meydanında baharın gəlişi münasibətilə geniş və rəngarəng bayram tədbiri təşkil olunub.
 
Ağcabədi Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbir xalq sənətkarlığı nümunələri və incə əl işlərindən ibarət sərgi ilə başlayıb. Meydan ərazisində nümayiş etdirilən eksponatlar milli mədəniyyətimizin zənginliyini əyani şəkildə təqdim edib.
 
Tədbirin yaddaqalan məqamlarından biri Dədə Qorqud və Bahar qızın faytonla meydana daxil olması olub. Dədə Qorqudun xeyir-duası və Bahar qızın bahar təravətli təbriki iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
 
Bayramın əsas rəmzi olan Novruz tonqalı meydanın mərkəzində alovlandırılıb. Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov sakinləri Novruz bayramı münasibətilə təbrik edərək, bu qədim bayramın birlik, bərəkət və yenilənmə rəmzi olduğunu vurğulayıb, hər bir ailəyə firavanlıq arzulayıb.
 
Şənlik proqramı müxtəlif maraqlı çıxışlarla davam edib. Gənc idmançıların çeviklik və məharət nümayişləri, Kosa və Keçəlin şən zarafatları, milli oyunlar və kəndirbazın riskli çıxışları tədbirə xüsusi rəng qatıb.
 
Sonda Qarabağ Regional Mədəniyyət İdarəsinin hazırladığı geniş konsert proqramı təqdim olunub. Musiqi və rəqs nömrələri bayram ab-havasını daha da zənginləşdirərək iştirakçılara xoş əhval-ruhiyyə bəxş edib.
Keçidlər