Ağcabədidə aztəminatlı və imtiyazlı ailələrin övladlarına məktəbli forması və çantalar təqdim olunub
14 sentyabr 2026 | 16:07
Ağcabədidə aztəminatlı və imtiyazlı ailələrin övladlarına məktəbli forması və çantalar təqdim olunub
Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq aztəminatlı və imtiyazlı ailələrin övladlarına göstərilən diqqət və qayğının davamı olaraq Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirilib.
Rayonda ənənəvi olaraq həyata keçirilən xeyriyyə aksiyası bu il də davam etdirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin, eləcə də rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların dəstəyi ilə keçirilən tədbir çərçivəsində aztəminatlı və imtiyazlı ailələrin məktəb yaşlı övladlarına məktəbli formaları, çantalar və digər zəruri məktəb ləvazimatları təqdim olunub.
Xeyriyyə aksiyası çərçivəsində 400-dən artıq məktəblinin yeni tədris ilinə hazırlığına dəstək göstərilib. Şagirdlərə təqdim olunan məktəbli formaları, çantalar və digər ləvazimatlar onların tədris ilinə daha yüksək əhval-ruhiyyə ilə başlamalarına və təhsil prosesinə hazırlıqlarının təmin olunmasına mühüm töhfə verib.
Tədbirdə çıxış edənlər şagirdləri yeni dərs ili münasibətilə təbrik edərək onlara möhkəm can sağlığı, yüksək təhsil göstəriciləri və uğurlar arzulayıblar.
Yeni dərs iliniz mübarək!






