Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev fenomeninin rolu” mövzusunda respublika elmi-praktik konfransı keçirilib

11 may 2023 | 17:20

11 may 2023-cü il tarixdə ADPU-nun Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev fenomeninin rolu” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Konfransda Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, həmin şöbənin baş məsləhətçisi Sevinc Niftalıyeva, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyadov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Fizika” fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” fakültəsinin dekanı, dosent Araz Fərəcov, ADPU-nun Şəki filialının direktoru, dosent Rafiq Rəsulov, ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova, ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı, Ağcabədi rayon Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi bölməsinin sədri Əlizadə Nəcəfov, Ağcabədi Rayon Təhsil Sektorunun məsul işçisi Rauf Əliyev, Ağcabədi Peşə Məktəbinin direktoru Cahid Cəfərov, Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Aynur Babayeva, Ağcabədi GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin şöbə müdiri Xaləddin Tağıyev, “Aran” qəzetinin əməkdaşları və media mənsubları iştirak edirdi.

Konfransın plenar iclasını giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov konfrans iştirakçılarını salamladıqdan sonra Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti, o cümlədən Azərbaycan xalqının taleyüklü məsələlərinin həllində, dövlətçilik tariximizdə, elm, təhsil, maarif, mədəniyyət sahəsində yürütdüyü siyasət, apardığı islahatlardan danışdı. Xalqın gələcəyini təhsilin inkişafında görən Ümummilli Liderin təhsilə diqqət və qayğısı sayəsində inkişaf edən elmimizin uğurlarından bəhs etdi.

Sonra söz Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-Siyasi və Humanitar Məsələlər üzrə şöbə müdiri Vüsalə Məmmədovaya verildi. Vüsalə Məmmədova konfrans iştirakçılarını salamladıqdan sonra xalqımızın mənəvi atası, unudulmaz siyasi liderimiz Heydər Əliyev haqqında ehtiramla danışdı. Azərbaycanı vətəndaş qarşıdurmasından qoruyan siyasi liderin şah əsəri olan Müstəqil Azərbaycan Respublikasının müstəqilliyinin əbədiliyinə, dönməzliyinə və daimiliyinə olan inamını Heydər Əliyevin öz sözləri ilə ifadə etdi.   Söz məruzəçilərə verildi.

“Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” mövzusunda məruzə edən filialın Tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov dünya siyasətçiləri arasında böyük nüfuz qazanmış Ümummilli Liderin siyasi hakimiyyəti illərində dövlətçiliyimiz naminə gördüyü işlərdən danışdı. Dövlətin mühüm atributlarının yaradılması, sağlam əsaslara söykənən milli konstitusiyamızın qəbul edilməsini Ulu Öndərin öz xalqına tarixi xidməti olaraq dəyərləndirdi.

 “Heydər Əliyev və Azərbaycan diplomatiyası” mövzusunda məruzə edən filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının dosenti Məhəmməd Hüseynov Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurların tək memarının Heydər Əliyev olduğunu elmi faktlar və sübutlarla əsaslandırdı. Qeyd etdi ki, Ulu Öndərin xarici siyasət kursu bu gün də məhz Heydər Əliyev ideyaları əsasında uğurla davam etdirilir. Azərbaycan diplomatiyasının bugünkü siyasi siması olan ölkə prezidenti, cənab İlham Əliyevin xarici siyasət sahəsindəki uğurları öz rişəsini Heydər Əliyev diplomatiyasından alır.

 “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə edən filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Tahir Kərimli Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə diqqət və qayğısından danışdı. Onun mənsub olduğu xalqın milli müəyənliyinin ehtiva olunduğu sahələri xüsusilə diqqət mərkəzində saxlamasını, daim qoruyub inkişaf etdirməyin hər bir Azərbaycan vətəndaşının müqəddəs amalı hesab etməsini xüsusilə vurğuladı.

“Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda ordu quruculuğu” mövzusunda məruzə edən Sumqayıt Dövlət Universitetinin “Ümumi tarix” kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor Şirxan Səlimov Azərbaycanda ordu quruculuğunun tarixinin dövlətçiliyimizin tarixi ilə üst-üstə düşməsini vurğuladı. Qeyd etdi ki, Ulu Öndər qurub yaratdığı dövlətin ərazi bütövlüyünün qorunmasının vacibliyini yaxşı bilir və elə bu səbəbdən siyasi hakimiyyətinin ilk günündən ordu quruculuğu məsələsini diqqət mərkəzində saxlayırdı. Ölkədə hərbi təhsil imkanlarının genişləndirilməsi sahəsində mühüm addımlar atmış uzaqgörən siyasi liderimizin sağlam özüllər üzərində qurduğu Azərbaycan Ordusunun Silahlı Qüvvələri 44 günlük Vətən Müharibəsində 30 ilə yaxın bir dövrü əhatə edən işğala son qoydu. Zəfər tariximiz yazıldı. Heç şübhəsiz, mənfur düşmən üzərindəki tarixi qələbəmiz mayasını Heydər Əliyev dühasından alır.

“Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyətinin rolu” mövzusunda məruzə edən Sumqayıt Dövlət Universitetinin “Tarix-filologiya” fakültəsinin dekanı, tarix üzrə elmlər doktoru, professor Adil Baxşəliyev xalqımızın dövlətçililk tarixinə qısa ekskursiya edərək, Nadir şahdan sonra Azərbaycan torpaqlarının işğaldan azad edilməsi faktorunun birmənalı şəkildə Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlı olmasını qeyd etdi. Dövlətçiliyimizin qorunması naminə azərbaycançılıq ideologiyasını ələdə məşəl edən Ümummilli Liderimizin bu sahədə başlatdığı işin davamlı olacağına, ənənə olaraq nəsildən-nəslə ötürüləcəyinə inamını ifadə etdi.

Məruzə ətrafında çıxış edən Yeni Azərbaycan Partiyası Ağcabədi Rayon Təşkilatının sədr müavini Nazim Bünyadov xalqına təmənnasız xidməti vətəndaşlıq amalına çevirən Heydər Əliyevin parlaq əməllərinin daim yaşayacağına, yaşadıqca əbədiləşəcəyinə inamını bildirdi. O, öz fikrini məşhur nəğmənin sözlərində olduğu kimi, “Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” – deyimi ilə yekunlaşdırdı.

Sonda Ulu Öndərin həyat və ictimai fəaliyyətini əks etdirən videolent təqdim olundu.

Plenar iclasdan sonra Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev fenomeninin rolu” mövzusunda respublika elmi-praktik konfransı öz işini bölmələrdə davam etdirdi.

Heydər Əliyevin çoxcəhətli fəaliyyətinin araşdırılmasına həsr olunmuş 4 bölmədə – “Heydər Əliyev: milli-mənəvi dəyərlər və azərbaycançılıq ideologiyası”, “Heydər Əliyevin Azərbaycan təhsilinin və elminin inkişafında rolu”“Heydər Əliyev və Azərbaycanın xarici siyasəti. Tolerantlıq və multikulturalizm”, “Heydər Əliyev dühası bədii təfəkkürün işığında” adlı bölmələrdə onlarla elmi məqalə və tezis müəllifləri çıxış edərək konfransın işinə rəng qatdılar.  

Bölmə iclaslarından sonra konfransın yekun iclası keçirildi. Filial rəhbərliyi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun filiallarından konfransda iştirak edən möhtərəm qonaqlara,  eləcə də konfransa onlayn qatılan bir neçə universitetin əməkdaşlarına təşəkkür ünvanlandı.

Filialın direktoru, dosent Mobil Məcidov yekun nitqində qeyd etdi ki, bugünkü elmi-praktik konfransımız Ulu Öndərin çoxcəhətli fəaliyyətinin araşdırılması istiqamətində mühüm addım kimi əhəmiyyətlidir. Ağcabədi filialı olaraq bundan sonrakı fəaliyyətimizdə də Ümummilli Liderimizin bizə miras qoyduğu ənənələrə sədaqət nümayiş etdirəcək və çalışacağıq ki, Heydər Əliyevin təhsilimizə, elmimizə dair tövsiyələrindən layiqincə bəhrələnək.

Keçidlər