Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə ASAN Könüllülərinin yazarlarla görüşü keçirilib

05 sentyabr 2023 | 16:12

Ağcabədi regional “ASAN” xidmət mərkəzində təşkil olunan görüşdə mərkəzin könüllülər üzrə məsul şəxsi Çinarə Ağayeva çıxış edərək, qonaqları salamlayıb və dəvəti qəbul edib gəldikləri üçün onlara təşəkkürünü bildirib. 

Ç. Ağayeva görüşün məqsədi barəsində qısa məlumat verib,  ədəbiyyat, onun incəlikləri, gənclərimizin ədəbiyyata marağı və digər bu kimi mövzularda görüşlər keçirilməsinin vacibliyindən  danışıb.

Sonra söz “Aran” qəzetinin redaktoru Məhsəti Musaya verilib.

M.Musa çıxışı zamanı ədəbiyyatın insan həyatındakı yerindən, güclü əsərlərin oxucunun düşüncələrini dəyişməsindəki rolundan söz açıb.

Qeyd olunub ki, hazırda “yazar” axının olduğu bir dövrdə qələmə alınan dəyərli ədəbi nümunələr cəmiyyət arasında təbliğ edilməlidir. Natiq çıxışı zamanı həmçinin artıq illərdir rayonda fəaliyyət göstərən və istedadlı gənclərin üzə çıxarılmasında öz sözünü deyən “Ələk” ədəbi məclisindən də danışıb.

“Aran Ağcabədi” televiziyasının redaktoru Gündüz Sevindik çıxışında mütaliənin, söz sənətinin insanı mənəvi cəhətdən zənginləşdirməsindəki əhəmiyyətli rolundan danışıb, ruhun qidasının məhz dəyərli əsərlər olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ədəbiyyat gördüklərini poeziya dili ilə təqdimetmə sənətidir.

G. Sevindik eyni zamanda müasir gəncliyin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan da danışıb.

O da vurğulanıb ki, “Aran” qəzeti sayt, tv, eləcə də, sosial şəbəkələr vasitəsilə hər zaman istedadlı və yaradıcı gənclərə dəstəkdir və dəstək olmağa davam edəcək.

Görüşdə şeirlər söylənilib, tədbir iştirakçılarını  maraqlandıran sualları cavablandırılıb.

Sonda xatirə fotosu çəkdirilib.

Keçidlər