Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Aqrar İnnovasiya Festivalı keçirilib

06 sentyabr 2023 | 15:59

Tədbirin açılış mərasimində çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərdən söz açıb. R. Hüseynov bu il Ağcabədidə 120 min tondan çox taxıl istehsal olunduğunu bildirib və bunun yüksək keyfiyyətli toxumlar nəticəsində əldə edilməsindən danışıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında bildirib ki, festivalın keçirilməsində əsas məqsəd fermerlərin məhsullarla yaxından tanış olmasıdır. Bu, yarmarkalarda öz bəhrəsini verir, istehsalçılar və fermerlər birbaşa əlaqə yaradır.

Azərbaycan Toxumçular Assosasiyasının sədri Mədinə Əliyeva qeyd edib ki, artıq üçüncü ildir ki, yarmarkalar Ağcabədidə də təşkil olunur və bu istehsalçılara öz məhsullarını təqdimetmə imkanı yaradır. Fermerlər burada yerli və xarici seleksiyaya məxsus yeni rayonlaşmış müxtəlif bitki sortlarının sertifikatlı toxumları ilə tanış olur və gələcək əkinlər üçün öz sifarişlərini verirlər.

Festival zamanı toxumçuluq fəaliyyəti ilə məşğul olan istehsalçılar ilə yanaşı aqrar sahədə öz xidmət və məhsullarını təklif edən 40-a yaxın yerli və xarici şirkət iştirak edib. İxtisaslaşmış şirkətlər tərəfindən innovativ həllərə əsaslanan və resurslara qənaət edən mütərəqqi suvarma qurğuları, kənd təsərrüfatı texnikaları, torpaqbecərmə alətləri, rayonlaşmış yeni kənd təsərrüfatı bitki sortlarının toxumları, heyvan cinsləri, gübrə və pestisidlər nümayiş olunub.

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərlə bərabər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta, Aqroservis, Dövlət Toxum Fondu, Süni Mayalandırma Mərkəzi, həmçinin elmi-tədqiqat institutlarının mütəxəssisləri xidmətləri barədə fermerlərə məlumat verib.

Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən “Buğda və arpa yetişdirilməsinə dair aqrotexniki qulluq qaydaları” mövzusunda təlim keçirilib.

Mərkəzin direktoru Azər Sərdarlı söhbət zamanı bildirdi ki, təlim mərkəzi ölkə üzrə fermerlərin bilik və bacarıqlarının artırılması, müasir aqrotexniki qulluq qaydalarına dair məlumatlandırılmasına xidmət edir. Ölkənin 8 (Quba, Salyan, Neftçala, Kürdəmir, Bərdə, Beyləqan, Şəki və Gəncə) bölgəsində regional təlim mərkəzləri mövcuddur. Burada bitkiçilik, heyvandarlıq, iqtisadi biliklərin artırılmasında məsləhətçilər davamlı olaraq xidmət göstərirlər.

Fermerlər tərəfindən maraqla qarşılanan festivalda fikir və təcrübə mübadiləsi aparılıb, onları narahat edən məsələlər ilə bağlı məsləhət və tövsiyələr verilib.

Keçidlər