Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Aqil Abbasla oxucuların görüşü keçirilib

10 iyun 2023 | 08:32

İyunun 10-da Ağcabədidə yazıçı Aqil Abbasın oxucularla görüşü keçirilib. İlk öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində keçirilən tədbirin birinci hissəsində yazıçının əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Mədəniyyət Mərkəzinin böyük zalında davam edən tədbirdə Aqil Abbasın 70 illiyinə həsr olunmuş “Quruyan ağacların sağlığına” adlı film nümayiş etdirilib.

Daha sonra tədbirin aparıcısı – Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Aqil Abbasın yaradıcılığı haqqında ətraflı məlumat verib. Sonra Millət vəkili Tahir Rzayev, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zahid Avşar, “Aran” qəzetinin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məhsəti Musa, Aqil Abbasın təşəbbüsü ilə tikilmiş Boyat kənd kitabxanasının müdiri Təhminə Quliyeva, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək yazıçının yaradıcılığından söz açıblar, onun ədəbiyyatımıza, eyni zamanda insanlığa göstərdiyi xidmətlərdən danışaraq, yeni yaradıcılıq uğurları arzulayıblar.

Görüşdə ağcabədili ifaçılar Əhəd Təhməzov, Elnur Fərzəliyev, 8-ci “Muğam” Televiziya müsabiqəsinin diplomantı Lətif Lətifli bir-birindən gözəl musiqi nömrələri ilə çıxış ediblər. Sonra söz Aqil Abbasa verilib. O, tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib. Bundan sonra oxucuları maraqlandıran suallar cavablandırılıb. Tədbir Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin şagirdləri Ləman Mamedova, Laləzar Ağayeva və Aylin İbrahimovanın ifa etdiyi “Qarabağ Şikəstəsi”nin sədaları altında başa çatıb.

Sonda imza mərasimi keçirilib, Aqil Abbasın yeni çap olunan “Çay qırağında bitib, susuz qalan ağacların sağlığına” adlı kitabı oxuculara hədiyyə olunub, xatirə fotoları çəkilib.

Keçidlər