Ağcabədidə antiterror əməliyyatında yaralanan əsgərlər ziyarət olundu
Noyabrın 15-də Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Qarabağda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı zamanı yaralanan Hüsülü kənd sakini Məhərrəm Xəlilovu və Təzəkənd kənd sakini Firdovsi Həsənovu evində ziyarət edib. Ziyarətdə həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul şəxsləri, media nümayəndələri iştirak edib.
Yaralı hərbçilərimizlə söhbət zamanı icra başçısı onların müalicəsi, gündəlik qayğı və problemləri ilə maraqlanıb. Ziyarət vaxtı həmçinin Vətən müharibəsində Ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə düşmən üzərində qazandığı böyük qələbədən, döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığından söz açılıb. O cümlədən, bu il sentyabrın 19-da Azərbaycanın başlatdığı lokal xarakterli antiterror tədbirlərindən danışılıb, cəmi 24 saat ərzində düşmənə vurulan sarsıdıcı zərbələrin onlar üçün növbəti bir dərs olduğu və “Dəmir Yumruq”un zərbəsi altında təslim olmağa məcbur qaldıqları qeyd olunub.
Hər iki yaralı onlara göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər. Həm vətən müharibəsində yaralanan, həm də antiterror tədbirlərində baş nahiyəsindən ciddi xəsarət alan Firdovsi Həsənovun 5 gün öncə ata olması isə ailənin məyusluğunun üzərindən demək olar ki, bir xətt çəkib. Bunu bizimlə söhbət zamanı Firdovsinin anası, balaca Uğurun nənəsi Şəlalə Məmmədova söyləyib. Biz də Uğur balaya uğurlu həyat, atası ilə bərabər bütün yaralılarımıza isə şəfa diləyirik.
Qeyd edək ki, lokal xarakterli antiterror tədbirləri zamanı Silahlı Qüvvələrimizin hərbi qulluqçusu olan ağcabədi sakinlərindən 7 nəfər şəhid olub, 26 nəfər isə yaralanıb.