Ağcabədidə “Anım Günü” qeyd olundu
28 sentyabr 2024 | 16:56
Vətən müharibəsində son damla qanlarına kimi qəhrəmancasına döyüşmüş, düşmən qarşısında ölümün gözlərinə dik baxaraq ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-i ölkəmizdə Anım Günü kimi qeyd edilir. Artıq 4-cü ildir ki, hər sentyabr ayının 27-si vətənpərvər və qəbirbilən Ağcabədi camaatı Qəhrəmanlar Parkına gələrək bu müqəddəs məkanda uyuyan Vətən şəhidlərinin məzarlarını ziyarət edirlər.
Sentyabrın 27-də “Anım Günü” ilə bağlı Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, RİHB-nin müavinləri, hüquq mühafizə orqanlarının rəhbərləri öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə çiçəklər düzüblər.
Daha sonra rayon rəhbəri Ağcabədi Qəhrəmanlar Parkına gəlib. Ağcabədi şəhər “Cümə” məscidinin axund müavini Zaur Məmmədov şəhidlərin ruhuna dualar oxuyub. İcra başçısı ilə birlikdə idarə, müəssisə, təkşilat kollektivləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid anaları, tələbə-gənclər, Azərbaycan Ordusunun əsgər və zabitləri, bir sözlə sinəsində ürək əvəzinə bütöv bir Vətən gəzdirən hər kəs burada şəhid məzarlarını ehtiramla ziyarət edərək bu qəhrəmanların ölməz ruhlarına öz dərin ehtiramlarını göstəriblər.
Məlumat üçün bildiririk ki, ənənəvi olaraq bu il də şəhid övladlarının iştirakı ilə xiyabanın müəyyən olunmuş ərazisində yeni meyvə ağacları əkilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərancamına uyğun olaraq saat 12:00-da bütün ölkə üzrə olduğu kimi Ağcabədidə də Vətən şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Anım tədbiri başa çatdıqdan sonra iştirakçılar, o cümlədən YAP veteranları, qazilər, şəhid ailələri, aztəminatlı ailələr şəhid ailələrinin təşəbbüsü və rayon icra hakimiyyətinin maddi dəstəyi ilə şəhidlər üçün açılan ehsan süfrəsində iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhlarına dualar oxunub.
Çıxış edənlər - Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, şəhid Xəyal Həziyevin atası Feyruz Həziyev, Milli Qəhrəmanımız Sadıq Hüseynovun həyat yoldaşı Nəzakət Bəşirova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi Vasif Rzayev çıxış edərək canlarını torpaqlarımızın azadlığı uğrunda fəda edən oğullarımızın xatirələrinin daim qəlblərdə yaşayacağını bildiriblər.
Biz də öz növbəmizdə Uca allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik.